
“İsrail İrana qarşı cavab zərbəsi endirə bilər ki, bu da İranın nüvə obyektlərinə hücumu əhatə edə bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə bildirib.
O, belə bir ssenarinin nəzərdən keçirilməsinin qəbuledilməz olduğunu qeyd edib.
“Nüvə obyektləri bütün hallarda istənilən münaqişə çərçivəsindən kənarda qalmalıdır”, - deyə Ryabkov əlavə edib.
O deyib ki, hazırda beynəlxalq ictimaiyyət, o cümlədən MAQATE və onun rəhbərliyi İsraildən gələn həyəcanlı eskalasiya siqnalları fonunda bu cür ssenarilərin qəbuledilməzliyini vurğulamaq üçün səsini ucaltmalıdır:
“İstənilən nüvə obyektinə hücumun fəlakətli nəticələri praktiki olaraq qaçılmazdır. Bu, həm ətraf mühitə, həm də ictimai sağlamlığa aiddir”.
Qeyd edək ki, oktyabrın 1-də axşam İran İsrailə raket hücumu həyata keçirib. İsrail mediasına görə, 400-dən çox raket atılıb ki, bu da ölkənin bütün tarixində ən böyük hücum olub. İsrail isə İranı bu hücuma cavab olaraq nüvə obyektlərinə hücumla hədələyib.