
Livanda “Hizbullah” hərəkatının öldürülən liderinin kürəkəni İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Youm as-Sabia” informasiya portalı Livandakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Həsən Cəfər Dəməşqin Mezza məhəlləsini İsrailin atəşə tutması nəticəsində həlak olub.
“Hizbullah” hələ Cəfərin ölümü ilə bağlı açıqlama verməyib.
Çərşənbə günü səhər saatlarında Suriya Müdafiə Nazirliyi də İsrail qüvvələrinin Dəməşqin Mezza məhəlləsində yaşayış binasına zərbələr endirdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, atəş nəticəsində üç nəfər həlak olub, daha üç nəfər yaralanıb.
Hadisə həm də maddi ziyanla nəticələnib. “Al Hadath” telekanalı mənbələrə istinadla iddia edib ki, zərbənin hədəfi binada olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) nümayəndələri ola bilər.
Qeyd edək ki, bu il sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Hizbullah şiə hərəkatının birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı onun hərbi obyektlərinə kütləvi hava zərbələri endirilib. Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatı elan edib.