“Nəsrullah ölüm ərəfəsində atəşkəsə razılaşıb” – Livan XİN


““Hizbullah”ın baş katibi Həsən Nəsrullah Beyrutda İsrailin hücumu zamanı öldüyü ərəfədə İsraillə atəşkəsə razılaşıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Abdullah Bu Həbib CNN telekanalının efirində bildirib.
“O, razılaşdı. Livan tərəfi razılaşdı. Biz “Hizbullah”la məsləhətləşdik, Livan parlamentinin sədri Nəbih Berri “Hizbullah”la məsləhətləşdi və qərar barədə ABŞ və Fransa nümayəndələrini məlumatlandırdıq”, - Bu Həbib deyib.
Qeyd edək ki, sentyabrın 26-da Avstraliya, Almaniya, İtaliya, Kanada, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və Yaponiya İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəs elan etməyə çağırıb. Bunun ardınca “The New York Times” rəsmilərə istinadən iddia edib ki, ABŞ və müttəfiqlərinin atəşkəs təklifi yaxın saatlarda qəbul edilə bilər.
Xatırladaq ki, sentyabrın 27-də axşam saatlarında İsrail Müdafiə Qüvvələri Beyrutun cənubundakı Dahiya ətrafında yerləşən “Hizbullah” qərargahına, sonra isə oradakı bir sıra hədəflərə hava zərbələri endirib. Hücum nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullah öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top