İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşin İranın İsrailə hücumunu pisləmədiyinə görə onun yəhudi dövlətinə girişini qadağan edib və onu “persona non-qrata” elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İranın İsrailə qarşı cinayətkar hücumunu birmənalı şəkildə qınamayan hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Terrorçuları, təcavüzkarları və qatilləri dəstəkləyən, İsrailə nifrət edən baş katib Quterreş Birləşmiş Millətlər Təşkilatının tarixində bir ləkə kimi yadda qalacaq”, - “Ynet” portalı Katzın bəyanatından sitat gətirib.
Qeyd edək ki, ötən gecə İran ordusu İsrail ərazilərini raket atəşinə tutub. İsrail ordusu İranın 180-ə yaxın raket atdığını açıqlayıb.