Oktyabrın 1-də axşam saatlarında İsrailin paytaxtı Tel-Əviv şəhərində atışma baş verib.
Yeniavaz.com İsrail polisinə istinadla xəbər verir ki, atışma nəticəsində 7 İsrail vətəndaşı həlak olub, 16 İsrail vətəndaşı yaralanıb.
İdarədən əlavə ediblər ki, hücumun iki terrorçu tərəfindən törədildiyi, birinin hadisə yerində öldürüldüyü, digərinin isə ağır yaralandığı müəyyən edilib.
Qeyd olunub ki, onların əllərində avtomat silahlar, sursatlar və bıçaqlar olub.
“Hər iki terrorçu Xevron sakinləridir və əvvəllər həbs olunmayıblar. Lakin onlardan birinin iğtişaşlarda iştirak etdiyi məlumdur”, - mətbuat xidməti qeyd edib.
Təl-Əvivin cənubundakı Yaffa bölgəsində baş verən insidentin təfərrüatlarını açıqlayan polis, hər iki terrorçunun dayanacaqda tramvaya minərək sərnişinlərə atəş açdığını bildirib. Bundan sonra onlar Yerusəlim bulvarı ilə hərəkətə davam edərək, zərərsizləşdirilənə qədər yoldan keçənlərə hücum ediblər.
Polis həmçinin bildirib ki, gecə saatlarında Xevron bölgəsində terrorçularla əməkdaşlıq etməkdə şübhəli bilinənlər saxlanılıb.