Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “360Marcom” MMC (VÖEN – 1701981231) olub.
Müsabiqənin şərtlərinə görə, “360Marcom” MMC KOBİA-nın sifarişi ilə Yevlax və ətraf rayonlardan olan KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri həyata keçirəcək və qarşılığında 285 min 648 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “360Marcom” MMC 14 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Buxta, ev 14, m.1/2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Şirəli Kamal oğludur.
Marketinq və kommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “360Marcom” MMC bu günə kimi yalnız KOBİA tərəfindən keçirilən tenderlərdə qalib olub. MMC daha əvvəl KOBİA-nın keçirdiyi daha 6 tender müsabiqəsini udub. Son 3 ildə “360Marcom” MMC-nin tenderlər vasitəsi ilə KOBİA-dan aldığı vəsaitin ümumi məbləği 1 milyon manatdan çoxdur.
Onu da bildirək ki, son 3 il ərzində KOBİA-dan 1 milyon manatdan çox vəsait alan “360Marcom” MMC-nin veb saytı (360marcom.net) fəaliyyət göstərmir, sosial şəbəkə hesabında isə sonuncu dəfə ötən ilin sentyabr ayında məlumat dərc olunub.
“360Marcom” MMC-nin qanuni təmsilçisi Şirəli Ələkbərov Azərbaycan Dövlət İqtisad Universitetində Ticarətin təşkili və idarə olunması ixtisası üzrə bakalavr təhsili alıb. Magistr təhsilini Tükiyədə İstanbul Universitetində Biznesin idarə olunması üzrə davam etdirib.
Şirəli Ələkbərov 2004-2006-cı illərdə İstanbulda “Seyhan Pastaneleri” mağazalar şəbəkəsində marketinq müdiri, 2007-2016-cı illərdə isə “Baku Electronics”də marka meneceri və marketinq departamentinin direktoru vəzifələrində çalışıb.
Şirəli Ələkbərov, həmçinin 2016-cı ildə Türkiyədə “Galaxy Gayrimenkul İnşaat Yapı Malzemeleri İç Ve Dış Ticaret Limited Şirketi”ni təsis edib.
Elnur Əli