Bu şəhərə, bu vətənə sahib çıxaq!


Küçədə getdiyin yerdə qarşı tərəfdən gələn iki gəncin danışığı diqqətini cəlb edir. Həm də elə yüksək səslə danışırlar ki, deyirsən, bu küçədə onlardan başqa heç kim yoxdur. Təbii ki, çoxları kimi sən də onların bu “söhbətinə” başını bulayırsan və özünü görməməzliyə vurub keçib gedirsən.
Sonra parka çatırsan və istəyirsən ki, bir qədər nəfəsini dərəsən. Odur ki, oturmaq üçün yer axtarırsan. Ancaq skamyaların demək olar ki, hamısının qarşısında su qabları, tum qabıqları görürsən. Yəqin ki, bir azdan yaşlı qadın əlində süpürgə ayaqlarını sürüyə-sürüyə gələcək və oraları süpürüb təmizləyəcək. Ancaq sən hələ ki, oturmaq üçün təmiz yer tapa bilmirsən. Hələ onu demirik ki, bir qədər o tərəfdə orta yaşlı bir kişi yüksək səslə boğazını “təmizləyir” və sonra elə oturduğu yerdəcə başını yana çevirib var gücü ilə tüpürür. İndi gəl bu mənzərədən ürəyin bulanmasın. Ümumiyyətlə, bu tüpürmək məsələsi o qədər ciddi bir məsələdir ki, bəlkə də, hər gün efirdən demək lazımdır ki, ictimai yerlərdə tüpürüb adamların ürəyini bulandırmasınlar.
Osmanlı dövründə İstanbulda müəyyən vəqflər var idi kı, hər biri hansısa sahədə xalqa xidmət edirdi. Belə vəqflərdən biri də tüpürcək vəqfi idi və bu vəqfin işçiləri sübh tezdən əllərində bir torba kül küçələrə düşür, harada tüpürcək görsələr, üstünə kül tökürdülər ki, həm xəstəlik yayılmasın, həm də insanların ürəyi bulanmasın. Görünür, indi bizdə də belə vəqflərin fəaliyyətinə ehtiyac var.
İctimai nəqliyyatdan istifadə edəndə də müəyyən qaydalara əməl etmək lazımdır. Bəzən avtobusda və ya metroda görürsən ki, nəvə yaşda bir gənc oturub, ancaq nənə yaşda bir qadın onun başının üstündə durub və yıxılmamaq üçün tutmağa yer axtarır.
Yaxud da, avtobusa və ya metroya minəndə tez-tez basabasa rast gəlirik. Gənclər heç nəyə fikir vermədən özlərini irəli atırlar ki, tez minib rahat bir yerdə əyləşsinlər. Halbuki, əslində, hələ minik vaxtı belə gənclər geri çəkilməli, yaşlılara, qadınlara, uşaqlara yol verməlidirlər.
Bir alim yazır ki, avropalılarla bizim əsas fərqimiz odur ki, onlar yaşadıqları şəhəri, ölkəni özününkü bilirlər. Həqiqətən də, əgər sən bu şəhəri, bu ölkəni özününkü bilirsənsə, onu təmiz saxlayacaqsan və təbii ki, onu zibilləyənlərə də imkan verməyəcəksən.
Avropada ictimai qaydaları pozan birinə hər kəs müdaxilə edə, ondan səhvini düzəltməyi tələb edə bilir. Bizdə isə hünərin var, birinə bir qüsurunu göstərəsən. Üzr istəmək, səhvini düzəltmək əvəzinə sənin üstünə elə yeriyəcək ki, özün də mat qalacaqsan. Ona görə də, əksər hallarda bizim bu vətənə sahiblik duyğumuz evimizin kandarından o tərəfə keçmir.
Bir nəfər danışır ki, Almaniyada avtomobillə gedirdim. Necə oldusa, unutdum və əlimdəki kağız parçasını yolun kənarına atdım. Bir neçə kilometr gedəndən sonra qarşıda yol polisi məni saxladı və dedi ki, siz filan kilometrdə yolun kənarına kağız parçası atmısınız. Sonra polis mənə böyük miqdarda cəza kəsdi və yazılı kağıza imza atdırdı ki, bir daha bu səhvi təkrar etməyim. Bildim ki, mən kağız parçasını atanda arxadan siqnal verən sürücü bunu polisə xəbər verib.
Almanlarda bu, müsbət hal kimi qiymətləndirilir, həm də bu onlarda bir vətənpərvərlik sayılır. Bizdə isə beləsinə Allah bilir nə ad qoyurlar. Odur ki, əgər küçədə sizdən irəlidə gedən adam əlindəki kağız parçasını yolun ortasına atırsa, ona öz iradımızı bildirməliyik, “O şəhidlərimiz bu vətən üçün canlarından keçmədilər ki, sən küçəsinə kağız parçası atasan”, deməliyik.
Ya da aptekdə gözləyirsən ki, növbən çatsın, sən də resepti verib dərmanlarını alasan. Elə bu vaxt birisi içəri girir, əzik-üzük bir kağızı sənin başının üstündən aptekçiyə uzadır və: “Tez ol, bu dərmanları ver, uşaq evdə naxoşdur”, - deyir. İndi gəl, beləsinə ədəb-ərkandan, haqq-hüquqdan danış.
İctimai yerdə yüksək səslə musiqiyə qulaq asmaq, qəh-qəhə çəkərək gülmək də ədəbsizlikdir. İstəsək də, istəməsək də ətrafdakılar bu cür davranışlardan narahat olurlar. Bir də görürsən ki, biri telefona necə qapılıbsa, ətrafda hər kəsi unudub və açıb sandığı, töküb pambığı. Səsini qaldırmaq bir yana qalsın, elə sözlər, elə ifadələr işlədir ki, adam başını götürüb oradan qaçmaq istəyir.
İctimai yerlərdə geyim məsələsi də ən çox mübahisə doğuran məsələlərdəndir. Biz bu mövzuda kiməsə “olar-olmaz” demək niyyətindən çox uzağıq, ancaq onu xatırlatmaq istəyirik ki, istər qadın olsun, istər kişi ictimai yerdə elə geyinməlidir ki, həm özü, həm də başqaları narahat olmasın.
Bu yazıda daha çox qüsurlarımızdan danışdıq. Doğrudur, hər kəsin qüsuru var, ancaq biz öz qüsurumuzdan danışaq ki, aradan qaldırmağın yollarını tapaq. Başqa xalqların da elə qüsurları var ki, bizimkilər onların yanında toya getməlidir.
Bu gün biz müzəffər xalqın övladı, qalib dövlətin vətəndaşıyıq. Şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına əldə edilmiş bu möhtəşəm qələbədən sonra biz hər cür töhmətdən, qınaqdan qurtarmışıq, alnımız ağ, başımız ucadır. Biz dünyanın gözü qarşısında öz haqqımızı düşmənin boğazına çökərək aldıq, haqqımıza əl uzadanları yerlə yeksan etdik. İndi biz də avropalı kimi təkcə öz evimizin kandarını yox, o başından bu başına qədər bütün vətənimizi özümüzünkü bilməli, onu qorumalı, təəssübünü çəkməliyik. Bəli, sahiblik duyğusu bizdə inkişaf etsə, heç kim bu xalqın haqqına əl uzada bilməz, heç kim bu xalqın malını mənimsəyə bilməz.
Bəli, bu şəhər, bu ölkə bizimdir. Biz də gərək bu şəhərə, bu ölkəyə sahib çıxaq, kimsə ağacını kəsəndə, yolunu daraldanda, çayını qurudanda o haqsızlığın/haqsızların qarşısını alaq.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top