Pakistanda rusiyalı pilotların idarə etdiyi helikopter qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, helikopter havaya qalxdıqdan az sonra Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində qəzaya uğrayıb. Adının açıqlanmasını istəməyən iki mənbə bildirib ki, helikopter neft kəşfiyyatı və hasilatı ilə məşğul olan şirkət tərəfindən icarəyə götürülüb.
Nəşr qeyd edir ki, helikopterin göyərtəsində rus ekipajı da daxil olmaqla 14 nəfər olub. 6 nəfər həlak olub, 8 nəfər yaralanıb, onlar qəza yerindən təxliyə edilib və yaxınlıqdakı xəstəxanaya aparılıb.
“Washington Post” da Pakistan mənbələrinə istinadən yazır ki, Pakistanda Mi-8 helikopteri qəzaya uğrayıb. Qəzaya səbəb, nəşrin həmsöhbətlərinin fikrincə, mühərrikin nasazlığı olub. Mi-8-in göyərtəsində üç rus ekipaj üzvü olduğunu, onlardan ölüb-ölmədikləri barədə bilmədiklərini bildiriblər.
Öz növbəsində “Shot” iddia edir ki, rusiyalı pilotlar qəza nəticəsində xəsarət alıblar, lakin sağdırlar. Rusiyanın teleqram kanalı bu məlumatın mənbəsini göstərmir.