Londonda Milli Qalereyada Vinsent van Qoqun “Günəbaxanlar” əsərinin üzərinə pomidor şorbası tökdüyünə görə məhkəmə iki “Just Stop Oil” fəalını həbs cəzasına məhkum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı Fibi Plammer iki il, 22 yaşlı Anna Holland isə 20 ay müddətinə azadlıqdan məhrum edilib.
Plammer və Holland, 2022-ci ilin oktyabrında qalıq yanacaq hasilatının dayandırılmasını müdafiə edən “Just Stop Oil” köynəkləri geyinərək, pomidor şorbasını “Günəbaxanlar”a tökdülər və ovuclarını rəsmin altındakı divara yapışdırdılar. Kətan qoruyucu şüşə altında olub və zədələnməyib. Aksiya nəticəsində 17-ci əsrə aid 10 min funt sterlinq (13,4 min dollar) dəyərində italyan çərçivəsi zədələnib.
Hakim Kristofer Hehir hökmü çıxararkən deyib ki, “mədəniyyət xəzinəsi” aksiya zamanı “ciddi şəkildə zədələnə və ya hətta məhv ola bilərdi”.
Hollandın müdafiəsi bildirib ki, aksiyadan əvvəl fəallar rəsmin qorunduğundan əmin olublar. Məhkəmədə özünü təmsil edən Plammer deyib ki, hökm təkcə fəallarla bağlı deyil, “demokratiyanın əsasları” ilə bağlı olub.