
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi milyarder Corc Sorosun təxminən 200 radio stansiyası almasına Federal Rabitə Komissiyasının razılığı ilə bağlı araşdırma başladıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə komitənin “X”də dərc etdiyi bəyanatda qeyd edilib.
Komitənin bəyanatında sövdələşmənin ABŞ-də prezident seçkiləri ərəfəsində həyata keçirildiyi bildirilib. Qanunvericilər əməliyyatın təsdiqi ilə bağlı Federal Rabitə Komissiyasından sənədlər tələb ediblər.
“The New York Post” daha əvvəl xəbər verib ki, komissiya keçən həftə Demokratlar Partiyasını dəstəkləyən Sorosun ümumi əhatə dairəsi 165 milyondan çox olan təxminən 200 radiostansiyanın alınmasını təsdiqləyib.
Qərar səs çoxluğu ilə qəbul edilib.
Komissiyada üç demokrat razılaşmanı dəstəkləyib, iki respublikaçı isə buna qarşı çıxıb.
Nəşr yazır ki, Sorosa 200-dən çox Amerika radiostansiyasını birləşdirən “Audacy” platformasını sürətləndirilmiş sxem üzrə satın almaq üçün sövdələşmə həyata keçirməyə icazə verilib.
Halbuki bu cür əməliyyatlar adi halda milli təhlükəsizlik yoxlamaları tələb edir və bu cür yoxlamalar ən azı bir ildən çox çəkir.
Tətbiqimizi yükləyə bilərsiniz