Britaniya Rusiya ilə bağlı iki şirkətə və beş gəmiyə sanksiya tətbiq etdi


Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib və buraya daha iki şirkəti, həmçinin beş gəmini əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, qara siyahının yenilənmiş variantı ölkənin Maliyyə Nazirliyinin saytında dərc olunub.
Sanksiya siyahısına salınanlar arasında “Ocean Speedstar” və “White Fox Ship Management FZCO” şirkətləri də var.
Böyük Britaniya məhdudiyyətlərinə məruz qalan gəmilər isə “Asya Energy”, “Pioneer”, “North Sky”, “SCF La Perouse” və “Nova Energy”dir.
Nazirliyin məlumatına görə, “Ocean Speedstar” və “White Fox Ship Management” Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sənayedə, yəni Rusiyanın enerji sənayesində fəaliyyət göstərməklə ona dəstək verdiyi üçün sanksiya ilə üzləşib.
Məhdudiyyətlərə məruz qalan gəmilərin Rusiyadan üçüncü ölkələrə yük daşıdığı bildirilib və qeyd olunub ki, bu hal Ukraynanın sabitliyinin pozulmasına gətirib çıxarır, onun ərazi bütövlüyünə və müstəqilliyinə təhlükə yaradır.
Siyahıdakı gəmilərin Böyük Britaniya limanlarına daxil olması qadağan edilib və onların Böyük Britaniya Gəmi Reyestrində qeydiyyatı dayandırılıb. Onlara texniki yardımın göstərilməsi də qadağandır.

DİGƏR XƏBƏRLƏR

Top