““Qələbə planı” Ukraynanın mövqeyini gücləndirəcək, həm də Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa məcbur edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The New Yorker”ə müsahibəsində deyib.
Zelenski bildirib ki, sülh sammitindən sonra Ukraynanın tərəfdaşları Moskvanın danışıqlarda iştirak etməyəcəyini görüb. Onun sözlərinə görə, Kiyevin müttəfiqləri Rusiyanı ikinci sammitə dəvət edəcəklərini və onun “qaçaraq gələcəyini” bildiriblər:
“İndi bizim ikinci zirvə görüşümüz var və onların qaçaraq gəldiyi görünmür”.
O, əmindir ki, “qələbə planı” Ukraynanı tez bir zamanda güclü etməlidir. Zelenski hesab edir ki, güclənmiş Ukrayna Putini danışıqlar masasına oturmağa məcbur edəcək.
Ukrayna prezidenti bildirib ki, o, qarşıdakı üç ay ərzində ölkəni gücləndirmək, eləcə də döyüşlərə diplomatik son qoymaq planını artıq kağız üzərində qurub. Zelenski etiraf edib ki, bu plan ABŞ Prezidenti Co Baydenin dəstəyi ilə hazırlanıb.
Qeyd edək ki, Zelenski sentyabrın 23-nə keçən gecə BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu-Yorka gedib.