“Telegram” messencerinin administrasiyası cinayətkarların xidmətdən sui-istifadə etməsinin qarşısını almaq üçün bütün ölkələr üçün xidmət şərtləri və məxfilik siyasətini yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə bu barədə “Telegram”ın yaradıcısı Pavel Durov özünün teleqram kanalında məlumat verib.
“Biz aydınlaşdırdıq ki, qaydalarımızı pozanların İP ünvanları və telefon nömrələri qanuni hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana bilər”, - Durov bildirib.
Sosial şəbəkənin məxfilik siyasətində deyilir ki, şirkət istifadəçinin “Telegram”ın xidmət şərtlərini pozan cinayət fəaliyyəti ilə bağlı məsələdə şübhəli olduğunu bildirən müvafiq məhkəmə orqanlarından qanuni sorğu aldıqda, İP ünvanı və telefon nömrəsini açıqlaya bilər. Bundan sonra şirkət sorğuya hüquqi baxış keçirəcək və İP ünvanınızı və telefon nömrənizi müvafiq orqanlara açıqlayacaq.
Xatırladaq ki, Pavel Durov avqust ayında Fransada bir neçə gün həbsdə olub. O, mütəşəkkil cinayətkarlıqla bağlı bir sıra cinayətlərdə, o cümlədən narkotik vasitələrin və uşaq pornoqrafiyasının yayılmasında şəriklikdə iştirakda, habelə hakimiyyət orqanlarının tələbi ilə məlumat verməkdən imtinada ittiham olunub. Onun həbsindən sonra Fransa mətbuatı “Telegram”ın Fransa və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığını yazıb.