Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu-Yorka gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Məlumata görə, Zelenski sentyabrın 23-də BMT-nin mənzil-qərargahında keçiriləcək “Gələcək Sammiti”ndə çıxış edəcək. Ertəsi gün Zelenskinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı gözlənilir. Onun Baş Assambleyadakı debatda çıxışı isə sentyabrın 25-də nəzərdə tutulur.
Agentlik yazır ki, Zelenskinin ölkə və beynəlxalq təşkilat rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri planlaşdırılıb. Bundan əlavə, Ukrayna lideri Amerika şirkətlərinin rəhbərləri ilə Ukraynanın enerji ehtiyaclarının ödənilməsini müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, sentyabrın 19-da “Bloomberg” agentliyi mənbələrə istinadla xəbər vermişdi ki, Zelenski sentyabrın sonunda ABŞ-yə səfəri zamanı Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) üzvlüyünə, eləcə də, “qələbə planını” həyata keçirmək üçün Ukrayna Silahlı Qüvvələrinə müasir silahların verilməsinə nail olmaq niyyətindədir.