İnsan həyatına təxminən 200 il əvvəl daxil olmasına baxmayaraq hazırda dünyada ən çox istifadə olunan texniki vasitələr arasında velosiped ilk sıralarda yer alır.
Yeniavaz.com xəbər verir ki, hazırda dünyada 1 milyarddan çox velosiped mövcuddur və hər il təxminən 100 milyon velosiped istehsal olunur. Son illər dünyanın bir çox ölkəsində, xüsusilə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə velosipedlərin sayı sürətlə artmaqdadır.
Şübhəsiz ki, velosipedin bu qədər geniş yayılması onun həm nəqliyyat, həm də idman vasitəsi kimi əvəzedilməz üstünlüklərinin olması ilə bağlıdır.
Velosipedin ən böyük əvəzedilməz üstünlüyü odur ki, bu nəqliyyat vasitəsinin həcmi kiçik, qiyməti aşağı, sürəti yüksək, yanacağa da ehtiyacı yoxdur.
Velosipedin digər üstünlüklərindən biri də odur ki, ondan istifadə etmək olduqca asandır. Digər nəqliyyat vasitələrində olduğu kimi hansısa uzunmüddətli hazırlıqlara ehtiyac yoxdur. Məhz bu üstünlüyü hesabına velosiped kəşf edildiyi ilk illərdən – XIX əsrin əvvəllərindən başlayaraq populyarlıq qazanmağa başladı.
Qısa müddətdən sonra insanlar velosipedin insan sağlamlığına nə qədər faydalı olduğunu da müəyyən etdilər. Təsadüfi deyil ki, cəmi bir əsrdən də az tarixinin olmasına baxmayaraq velosiped sürmək bir idman növü kimi 1896-cı ildə keçirlən ilk Olimpiya Oyunları proqramına daxil edildi.
Azərbaycanda velosipedin tarixi ötən illərin 30-cu illərinə təsadüf edir. Bütün dünyada olduğu kimi ölkəmizdə də velosipeddən əvvəlcə nəqliyyat vasitəsi kimi istifadə olunub. Daha sonra məktəblərdə və universitetlərdə velosiped yarışları keçirilib.
Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başladı.
Müasir dövrdə velosiped uşaqlar üçün əyləncə, böyüklər üçün nəqliyyat vasitəsi olmaqla bərabər, həm də idmanla məşğul olmaq istəyənlər üçün olduqca faydalı idman növüdür.
Velosiped idmanı ilə məşğul olmaq insana nə verir?
Aparılan araşdırmalar, müşahidələr göstərir ki, velosiped idmanının sağlamlığın formalaşmasında onlarla faydası var.
- Davamlı şəkildə velosiped sürmək insanın əzələlərini, sümüyünü, qan-damar sistemini möhkəmləndirir;
- Ürək əzələsini formalaşdırır;
- Qanda zərərli xolesterolun səviyyəsini azaldır;
- Şəkər və yüksək təzyiq kimi qorxulu xəstəliklərə tutulma riskini aşağı salır;
- İnsanı stresdən uzaq tutur;
- Ağciyərlərin daha yaxşı fəaliyyətini təmin edir;
- İnsanın immunitet sistemini gücləndirir;
- Velosiped idmanı daha gözəl bədən quruluşuna sahib olmağı təmin edir;
- Revmatizma və oynaq ağrıları kimi xəstəliklərdən azad olmağa yardım edir və s.
Velosiped sürməyin təkcə insanın özü üçün deyil, həm də yaşadığı cəmiyyət üçün də çox böyük faydaları vardır:
- Velosipedin ən böyük faydası ətraf mühiti çirkləndirməməsindədir. Velosipedin yanacaq sərf etməməsi bizə maddi xeyir verməklə bərabər, həm də atmosferi çirkləndirmir.
- Alimlərin hesablamalarına görə, yanacaqla işləyən avtomobillər hər 20 000 km məsafə qət etdiyi zaman havaya 0,775 kq qurğuşun, 40,75 kq azot oksidləri, 234 kq karbohidrogen və 765 kq dəm qazı buraxır. Bu həm də o deməkdir ki, sizin velosipedlə qət etdiyiniz hər 20 000 km məsafə atmosferi bu qədər zərərli maddələrdən xilas edir.
- Başqa nəqliyyat vasitələri ilə müqayisədə həcmi olduqca kiçikdir. Xüsusən böyük şəhərlərdə velosiped əvəzolunmaz nəqliyyat vasitəsidir. Velosipeddən istifadə edənlərin park yeri axtarmaq, tıxacda qalmaq kimi problemləri olmur. Bu da həm maddi qazanc deməkdir, həm də vaxt itkisinin qarşısını almaqdır.
- Velosiped eyni zamanda ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Hətta nəinki digər nəqliyyat vasitələrilə müqayisədə təhlükəsizdir, həm də piyada gəzməklə müqayisədə velosiped sürmək daha təhlükəsizdir.
Lakin unutmamaq lazımdır ki, az da olsa velosiped qəzaları da qaçılmaz olur və bu qəzalar əksər hallarda velosipedin düzgün sürülməməsindən irəli gəlir.
Velosipeddən həvəskar və profesional formada düzgün istifadə etmək üçün mütləq peşəkarların məsləhətlərinə qulaq asmaq, onların təcrübəsindən faydalanmaq lazımdır.
Murad Məmmədov