Danış, səni tanıyım!


El arasında belə bir söz var: İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar. Yəni, zahiri görünüşünə baxmayaraq, insan ağzını açıb iki-üç kəlmə danışan kimi onun kimliyi, hansı dünyagörüşünə, hansı səviyyəyə malik olduğu üzə çıxır.
İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl ünsiyyətə girmək, təmasda olmaq lazımdır.
İnsanı digər canlılardan fərqləndirən, üstün qılan ən mühüm məziyyətlərdən biri də onun nitqi, fikrini ən gözəl şəkildə ifadə edə bilmək qabiliyyətidir.
Qədim Yunanıstanda natiqlik elmi xeyli inkişaf etmişdi. İnsanlar bu elmə, yəni təsiredici danışıq qabiliyyətinə sahib olmaq üçün illərlə təlim keçirdilər. Min il əvvəl də, indi də xalqa müraciət etməyin, hakimiyyəti ələ almağın ən gözəl yolu gözəl danışıqdan, təsirli müraciətdən keçir və inanırıq ki, bundan sonra da belə olacaq.
Hər işdə olduğu kimi, bu məsələdə də əsas məqam həqiqətlə bağlıdır. Yəni, insan doğruları söyləyərək uğur qazana bilər. Nə qədər təsirli danışırsan-danış, eşidənlər sənin yalanlarını bilirlərsə, söylədiklərinə inanmayacaqlar. Bizim əxlaqımızda yalan danışmaq ən xoşagəlməz əməllərdən sayılır.
Danışanda sözü uzatmadan, yersiz bəlağətdən qaçaraq, aydın və təsirli bir üslubla çatdırmaq natiqliyin mühüm məqamlarındandır. Sevimli Peyğəmbərimiz (s.ə.s.) qarşısında kim olur-olsun, hər kəsə səmimiyyətlə müraciət etmiş, fikirlərini aydın bir dillə, hər kəsin anlayacağı bir şəkildə ifadə etmişdir.
Danışanda qarşı tərəfin gözlərinə baxmaq, anlaşılmayan məqamları bir daha açıqlamaq, hər kəsin anlayacağı ifadələri seçmək nitqin təsir gücünü artıran amillərdir.
Heç şübhəsiz ki, bəşər tarixinin ən böyük natiqi Peyğəmbərimizdir. Təsəvvür edin ki, insanların hər hansı ictimai qanuna tabe olmadığı, güclünün gücsüzü əzdiyi bir dövrdə meydana çıxdı və tarixin ən adil nizamını qurdu. Heç şübhəsiz ki, bu uğurun əldə edilməsində Onun natiqliyi az rol oynamadı. Peyğəmbərimiz o qədər rahat, asta danışarmış ki, əgər istəsəniz, söylədiyi sözləri bir-bir saymaq olarmış. Mühüm məqamları bəzən iki, bəzən də üç dəfə təkrar edərmiş ki, söhbətdə anlaşılmayan bir şey qalmasın.
Həzrət Əli (r.a.) buyurur ki, hər kəs öz dilinin altında gizlənib. Danışmadıqca onun ağıllı və ya ağılsız olması məlum olmur.
Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir. Belə bir söz var: “Sənin elmin qarşı tərəfin anlayacağı qədərdir”. Yəni, üz tutduğun fərd və ya cəmiyyət söylədiklərini başa düşmürsə, demək boşuna zəhmət çəkirsən, çünki müraciətdə əsas məqsəd fikri çatdırmaq, paylaşmaqdır. Səni anlamayan sənin söylədiklərini necə qəbul edə bilər? Bu məqamda başqa gözəl bir söz yada düşür: “Alim quş kimi olmamalı, qoyun kimi olmalıdır”. Bu məsələdə alim ona görə qoyuna bənzədilir ki, qoyun yediyi yemi həzmə hazır süd halına gətirir, sonra balasına verir, quş isə tutduğu böcəyi, ya da həşəratı diri-diri balasının ağzına qoyur. Yəni, istər alim olsun, istərsə də natiq, fikirlərini süd kimi həzmə hazır hala gətirməli və qarşı tərəfə ötürməlidir. Natiqlik elmi həm də az sözlə çox mətləbi açıq-aydın ifadə edə bilməkdir. Nizami Gəncəvi bu haqda belə deyir:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz
”.
Qədim Şərq ədəbiyyatının incisi sayılan “Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladan”.
Antik yunan dünyagörüşünün böyük təmsilçisi, filosof Sokrat həmişə deyərmiş: “Ey insan, danış, səni tanıyım”.
Son dövrlərdə belə bir fikir ortaya atılır ki, insan öz hisslərini, öz düşüncələrini nə qədər gözəl ifadə edə bilirsə, daxili aləmi o qədər zəngin, könlü o qədər rahat olur. Dolayısı ilə fikrini dəqiq ifadə edə bilmək insan əhvali-ruhiyyəsi ilə birbaşa bağlı məsələdir.
Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fonetik, leksik-semantik və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq etmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətinə malik olur.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər var ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s.
Yazılı nitq mədəniyyəti probleminə həmçinin, orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar. Danışarkən tələsən adamlar həmişə nəyisə unudur, mətləbi olduğu kimi çatdıra bilmirlər. Danışarkən səsi yüksəltmək, çığırıb-bağırmaq deyilən sözün təsir gücünü azaldır. Danşan səsinin tonunu eşidənlərin məsafəsinə və eşitmə imkanlarına uyğunlaşdırmalıdır.
Natiqlik elminin ən güclü silahı həqiqət və səmimiyyətdir. Doğrunu söyləyəcəksən və söyləyərkən də qarşı tərəfə o qədər səmimi, o qədər dürüst yanaşacaqsan ki, sözünün təsiri olsun. Əgər söylədiklərinə özün inanmırsansa, əmin ol ki, qarşı tərəf də bunu sezəcək və sənə inanmayacaq. Bəzi məsələlər var ki, insan fərqinə varmadan, özü də hiss etmədən, bilmədən hansısa məlumatı qarşı tərəfə sanki dalğalarla ötürür, necə deyərlər, şüalandırır. Bu da eynən onun kimidir. Əgər diqqət etmisinizsə, uğur qazanan siyasətçilərin əksəriyyəti həm də gözəl natiqdirlər və əslində, qazandıqları uğurda natiqliyin rolu böyükdür.
Gözəl danışmaq, fikrini, hətta duyğusunu da insanlara olduğu kimi çatdırmaq sənətdir. Siz də çalışın ki, gözəl danışa, fikirlərinizi, duyğularınızı dəqiq ifadə edə biləsiniz.
Şairləri sıravi insanlardan fərqləndirən ən mühüm amil düşündüklərini, duyduqlarını sözə çevirə bilmələridir.
Gözəl danışın, fikirlərinizi, duyğularınızı dəqiq ifadə edin ki, könlünüz açılsın!

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top