İlqar Məmmədov siyasətdən getdiyini açıqladı


İlqar Məmmədov siyasi fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sentyabrın 21-də “Facebook” səhifəsində yazıb.
“Keçən il söz vermişdim: həm qarşıdakı prezident və ya parlament seçkisində rəhbəri olduğum Respublikaçı Alternativ partiyasına uğur qazandıra bilməsəm, həm də özüm seçki dairəsini uduzsam, publik siyasətdən çəkiləcəm.
Budur, cari ilin fevral prezident seçkisində namizəd irəli sürmək haqqında partiyamız yekdil qərara gələ bilmədi. Seçki erkən keçdiyinə görə ölkəmizin böyük hərbi qələbəsi hələ də bütün digər mövzuları kölgədə qoyurdu. Yarış fürsəti aydın görünmürdü.
Ölkəmizin müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim.
Nəhayət, üçüncü şərt. Dairəni udmaq. 1998-ci ildə publik siyasi fəaliyyətə başladığım gündən indiyədək ölkədə altı dəfə yarışacağım parlament, iki dəfə prezident seçkisi keçirilib. 2000, 2013, 2015, 2018, 2020-ci illərdə namizəd olmağa qoymadılar. 2005 – səsverməni həqiqətən uduzdum. 2010 – çox güman uddum, amma saxtakarlıq baş alıb getmişdi. Nəhayət, bu il 2024-də xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də “yox” qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram”, - deyə İlqar Məmmədov bildirib.
Xatırladaq ki, o, sentyabrın 11-də REAL Partiyasının sədri vəzifəsindən də istefa verdiyini bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top