Demokratlar Partiyasından ən yüksək dövlət vəzifəsinə namizəd olan ABŞ-nin vitse-prezidenti Kamala Harris oktyabrın 23-də CNN-in respublikaçı Donald Trampla debatların ikinci raundunun keçirilməsi təklifini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Harrisin kampaniyasının sədri Cen O'Malley-Dillon məlumat yayıb.
O, Harris və Trampın televiziya debatlarının yalnız bir raundu ilə məhdudlaşacağı vəziyyəti görünməmiş adlandırıb:
“Vitse-prezident Harris Donald Trampla səhnəni bölüşmək üçün daha bir fürsətə hazırdır və CNN-in oktyabrın 23-də debatda iştirak etmək dəvətini qəbul edir. Donald Trampın bu debatda iştiraka razılıq verməklə heç bir problemi olmamalıdır”, - O'Malley bildirib.
Xatırladaq ki, sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində Harris və Tramp arasında teledebat baş tutub. Onlar “ABC News” tərəfindən təşkil edilib. Sentyabrın 12-də Tramp Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.