Rusiyanın Krasnodar diyarının Tixoretski rayonunda fövqəladə vəziyyət tətbiq edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vilayət qubernatoru Veniamin Kondratyev bildirib.
Kondratyevin sözlərinə görə, heç bir şey insanlara təhdid etmir, lakin fövqəladə vəziyyət yardımın təşkili və hadisə ilə bağlı bütün məsələlərin operativ həlli üçün tətbiq edilib.
Bildirilir ki, Ukrayna pilotsuz təyyarəsinin hücumundan sonra səhər saatlarında Tixoretski rayonundan 1200 sakin təxliyə edilib. Əvvəlcə onlar müvəqqəti yerləşdirmə mərkəzlərinə göndərilib, daha sonra insanların bir hissəsi otellərə aparılıb. Təxliyə edilmiş sakinlər iki günə - minalardan təmizləmə işləri aparıldıqdan sonra evlərinə qayıda biləcəklər.
Ötən gecənin yekunlarına əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın iki silah-sursat anbarının – Tixoretski rayonunda və Tver vilayətində vurulması barədə məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Krasnodardan təxminən 150 kilometr şimal-şərqdə yerləşən Tixoretsk yaxınlığında Ukrayna qüvvələri Rusiyanın üç ən böyük sursat anbar bazasından birini vurub. Hərbçilərin sözlərinə görə, zərbə zamanı orada Şimali Koreyanın da daxil olmaqla ən azı iki min ton sursat daşıyan qatar olub. Zərbədən sonra yanğın başlayıb, daha sonra isə sursat partlayıb.