
İsrail Livan ərazisində peycerlərin partladılması ilə bağlı əməliyyatı 15 il ərzində planlaşdırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə axşamı ABC telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onlar İsrailin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə əlaqəli olduğunu təsdiqləyiblər.
Bunun üçün İsrail peycerlərin istehsalı ilə bağlı olduğu iddia edilən bir neçə ön şirkət yaradıb. Üstəlik, bu müəssisələrin bəzi işçiləri əslində kimin üçün işlədiklərini belə bilməyiblər.
Telekanalın məlumatına görə, bu şirkətlərdən biri Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” şirkəti olub. Müqaviləyə əsasən onun Tayvanın “Gold Apollo” şirkətinin brendi altında peycerlər istehsal etməsi nəzərdə tutulub.
Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, Macarıstanda belə qurğular olmayıb. “BAC Consulting” şirkəti isə heç bir şey istehsal etməyib və sadəcə olaraq, reseller (satıcı) rolunu icra edib.
Macarıstanın “Telex” portalı isə peycerləri “Gold Apollo”dan Macarıstanın “BAC Consulting” şirkətinin yox, Bolqarıstanın “Norta Global” şirkətinin aldığını irəli sürüb. Daha sonra Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyi “Norta Global” şirkətinin bu cihazların tədarükündə iştirakını təkzib edib.