Şagirdlərə açıq havada dərs keçən müəllim işdən çıxarılıb – Rəsmi


İmişlinin Aranlı kəndində 7 ay öncə inşa olunmuş yeni məktəbin Bilik Günündə istifadəyə verilməməsinə etiraz edən ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat yayıb.
L. Nəcəfquliyeva iddia edir ki, son görüntülərə görə deyil, ötən il sözügedən məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşdığına görə vəzifəsindən azad edildiyini iddia edir.
Qeyd edək ki, o, Bilik Günündə şagirdlərinə məktəbin yaxınlığında, açıq havada dərs keçib.

Leyla Nəcəfquliyeva

Mil-Muğan Regional Təhsil İdarəsi yaydığı açıqlamada L. Nəcəfquliyevanın işdən çıxarılması barədə məlumatı təsdiqləyib.
“Sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bildiririk ki, İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.
Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub.
Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib”, - məlumatda deyilir.
Xatırladaq ki, L.Nəcəfquliyeva ötən il də çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top