Ermənistan İstintaq Komitəsi (İK) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının Ermənistanın bir neçə vətəndaşı və Qarabağdan könüllü köçənlər tərəfindən hazırlanmış hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını aldıqlarını bəyan edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bəyanata görə, bu qrup Ermənistan Respublikası hökumətinin səlahiyyətlərini ələ keçirmək üçün zorakılıq və hədə-qorxudan istifadə etməklə Ermənistan hakimiyyətini qəsdən ələ keçirmək üçün şərait yaradıb.
İstintaq Komitəsi iddia edib ki, qrup üzvləri Rostov-na-Dona səfər ediblər və orada “Arbat” bazasında təlim keçiblər.
“Müəyyən edilib ki, təlimlərin məqsədi Ermənistana qayıtmaq və mövcud hökuməti devirməkdir”, - İstintaq Komitəsi bildirib.
İstintaq Komitəsinin məlumatına görə, aktiv əməliyyat tədbirləri zamanı dindirilmələr nəticəsində 30-a yaxın axtarış aparılıb.
Bu əməli törətdiklərinə görə 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan 3-ü həbs edilib, 4-ü axtarışa verilib.
İstintaq davam edir və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.