Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya səfər etməkdən imtina edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Meksikanın “Excelsior” nəşrinə müsahibəsində bildirib.
“Düşünürəm ki, yox. Yenə deyirəm, biz xarici siyasət və konstitusiya prinsiplərinə əsaslanırıq”, - deyə Şeynbaum Ukraynaya getmək planları barədə suala cavab verərkən deyib.
“Bizim xarici siyasətimizi konstitusiya müəyyən edir. O, çox aydın, ləyaqətli və sülhpərvərdir. Bizim xarici siyasətimiz münaqişələrin sülh yolu ilə həllinə çalışmaq prinsipinə əsaslanacaq. Bu, bizim mövqeyimizdir, belə də qalacaq”, - Meksika Prezidenti bildirib.
Klaudiya Şeynbaum qeyd edib ki, bəzi beynəlxalq tədbirlərə getmək niyyətindədir, lakin öz ölkəsində olmağı vacib hesab etdiyi üçün çox səyahət etməyəcək.
"Mənim vəziyyətimdə əsas vəzifə Meksikanı idarə etməkdir, mən vacib hesab etdiyimiz bəzi beynəlxalq tədbirlərə gedəcəyəm, lakin çox səyahət etməyəcəyəm - bizim məsuliyyətimiz buradadır”, - deyə Şeynbaum bildirib.
Buna baxmayaraq Şeynbaum əlavə edib ki, o, noyabrda Braziliyada keçiriləcək İyirmilik Qrupunun (G20) toplantısında iştirak etmək imkanını nəzərdən keçirir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Meksika hakimiyyətindən Kiyevin öz müstəqilliyi üçün mübarizə apardığını tanımasını tələb etmiş, həmçinin yeni seçilmiş dövlət başçısı Klaudiya Şeynbaumu ölkəsinə gəlməyə dəvət etmişdi.