Trampa qarşı yenə sui-qəsd cəhdi oldu – Nə məlumdur?


Sentyabrın 15-də ABŞ-nin Florida ştatının Uest-Palm Biç şəhərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub.
Yeniavaz.com
xəbər verir ki, keçmiş Amerika prezidenti xəsarət almadığını bildirib.

Hadisə ilə bağlı nə məlumdur?
Əvvəlcə keçmiş prezidentin qolf oynadığı qolf klubunun yaxınlığında atışma səsləri eşidilib. Sonradan bəlli olub ki, atəş açan prezidentliyə namizədlər və keçmiş liderlər də daxil olmaqla yüksək səviyyəli dövlət məmurlarının müdafiəsinə cavabdeh olan ABŞ Məxfi Xidmətinin əməkdaşıdır.
İlkin məlumata görə, o, klubun ərazisi yaxınlığında şübhəli silahlı şəxs aşkarlayıb və həmin şəxsə atəş açıb. Şübhəli əvvəlcə qaçmağı bacarıb və qolf klubunun yaxınlığındakı kolluqlarda gizlənib. Daha sonra şübhəli şəxs saxlanılıb və o, hazırda həbsdədir.
Şübhəlinin gizləndiyi yerdə optik nişangahı olan “Kalaşnikov” avtomatı (AK-47) aşkarlanıb.
“Fox News”un məlumatına görə, saxlanılan şəxs avtomatın lüləsini qolf klubunun hasarından keçirib. Eyni zamanda o, Trampdan 270-450 metr aralıda olub.
Tramp hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib. “Associated Press”in məlumatına görə, o, qolf klubundan təxminən 5 km aralıda yerləşən Mar-a-Laqodakı iqamətgahına qayıdıb.
Federal Təhqiqatlar Bürosu (FTB) araşdırmaya başlayıb və hadisəni Trampa qarşı mümkün sui-qəsd cəhdi kimi qiymətləndirib.
“Fox News” kanalı mənbələrə istinadən məlumat yayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları  şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər – onun Rayan Uesli Rut adlı şəxs olduğu üzə çıxıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırırlar.
Xatırladaq ki, iyul ayında da Donald Trampa sui-qəsd cəhdi olmuş, o, qulağından xəsarət almışdı.

DİGƏR XƏBƏRLƏR

Top