Hindistandan raket sistemləri, artilleriya və radarlar sifariş etdiyi üçün Ermənistanın Rusiya istehsalı olan “Su-30” qırıcılarından ibarət kiçik donanması bu ölkə tərəfindən modernləşdirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
“Biz “Su-30” qırıcılarımızı Hindustan Aeronautics Limited (HAL) şirkətinin köməyi ilə modernləşdirmə imkanını nəzərdən keçiririk, çünki o, bu sahədə böyük təcrübəyə malikdir”, – deyə, Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Hovhannes Vardanyan bildirib.
Vardanyanın sözlərinə görə, o, Codhpur Hava Bazasında təşkil edilən Beynəlxalq Müdafiə Aviasiyası 2024 Sərgisində Hindistan Müdafiə Qərargahının rəisi general Anil Çauhan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.
“Hindustan Times” qeyd edib ki, yüksək rütbəli Hindistan rəsmisi Ermənistanın “Su-30” təyyarələrinin HAL tərəfindən modernləşdirilməsində maraqlı olduqlarını təsdiqləyib.
Onun sözlərinə görə, bununla bağlı bəzi danışıqlar gedir, lakin onlar ilkin mərhələdədir.