
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında xüsusi ittiham qaydasında verilən şikayətin icraata götürülməsinə qərar verilib.
Proses sentyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Ə.Kərimli barəsində sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərən A. Əliyev AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə partiya sıralarından kənarlaşdırılıb.
Xatırladaq ki, Əli Kərimli məsələ ilə bağlı öz sosial şəbəkə hesabında dərc etdiyi məlumatda bildirib ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb:
“Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var”.