Cənubi Koreyanın “Samsung Electronics” şirkəti xaricdəki işçilərinin 30%-ni ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətdəki mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ixtisarlar bütün dünyada xarici bölmələrə təsir edəcək. Şirkət satış və marketinq işçilərini 15% ixtisar etməyi, həmçinin inzibati heyətin sayını 30% azaltmağı planlaşdırır.
İxtisarlar istehsalat şöbələrində çalışan işçilərə təsir etməyəcək. Kadrların optimallaşdırılması şirkətin ötən ilki sənayedə tələbin qlobal azalmasının nəticələrinin öhdəsindən daha effektiv şəkildə çıxmaq istəyindən irəli gəlir.
Ümumilikdə, 2023-cü ilin sonuna şirkətdə 267 mindən çox insan işlə təmin edilib ki, onlardan 147 mini xaricdə, əksəriyyəti istehsalatda işləyib. Agentlik izah edir ki, satış və marketinq departamentlərində çalışan işçilərin sayı 25 min nəfər olub, daha 27 min nəfər digər şöbələrdə çalışıb.
İyul ayında “Samsung” 2023-cü ilin eyni dövrü ilə müqayisədə ikinci rübdə əməliyyat mənfəətində rekord artım olduğunu bildirib. Aprel-iyun ayları ərzində əməliyyat mənfəəti 10,4 trilyon von (təxminən 7,5 milyard dollar) təşkil edib. 2023-cü ilin ikinci rübündə bu rəqəm 668 milyard von (487 milyon dollar) olub.