Xəbər verdiyimiz kimi, “Apple” şirkəti “iPhone 16” smartfonlarını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, məşhur “Picodi” mərkəzi ayrı-ayrı ölkələrdə insanların “iPhone 16 Pro” almaq üçün neçə gün işləməli olduğunu araşdırıb.
“iPhone indeksi” adlandırılan bu araşdırma ölkələrdəki mövcud orta aylıq əmək haqqı və həmin ölkədə 128 GB-lıq “iPhone 16 Pro”nun satış qiyməti əsasında hesablanıb.
“Picodi”nin araşdırmasına görə “iPhone 16 Pro” ala bilmək üçün ən az İsveçrə vətəndaşları, ən çox isə Türkiyə vətəndaşları işləməlidirlər. İsveçrə vətəndaşları 4 günlük əmək haqqına “iPhone 16 Pro” ala bildikləri halda, Türkiyə vətəndaşları “iPhone 16 Pro” ala bilmək üçün 72,9 gün işləməlidirlər.
Qeyd edək ki, orta aylıq (24 iş günü) əmək haqqının 27 600 lirə (811 dollar) olduğu Türkiyədə 128 GB-lıq “iPhone 16 Pro”nun 82 999 lirəyə (2 441 dollar) satışa çıxarılacağı bildirilir.
Onu da bildirək ki, sentyabr ayının 20-də satışa çıxarılacağı gözlənilən “iPhone 16” smartfonlarının Azərbaycanda neçəyə satılacağı məlum deyil. Bir il əvvəl satışa çıxarılan 128 GB-lıq “iPhone 15 Pro” isə hazırda Azərbaycanda 2 280 manata satılır. Azərbaycanda orta aylıq əmək haqqının 1003 manat olduğunu nəzərə alsaq, o zaman 128 GB-lıq “iPhone 15 Pro” ala bilmək üçün Azərbaycan vətəndaşları 54,3 gün işləməli olacaqlar.
Elnur Əli