Hindistan hökuməti növbəti beş il ərzində kibercinayətkarlarla mübarizə aparmaq üçün kiber xüsusi təyinatlılar hazırlamağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bunu Hindistanın Kibercinayətkarlıqla Mübarizə Koordinasiya Mərkəzində keçirilən tədbirdə çıxış edən ölkənin daxili işlər naziri Amit Şah deyib.
“Kibertəhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir. Biz kibertəhlükəsizliyi təmin etməliyik, çünki bunsuz ölkənin tərəqqisi mümkün deyil”, - o bildirib.
Nazirin sözlərinə görə, hökumət Hindistanda kibercinayətkarlıqla mübarizə aparmaq üçün növbəti beş il ərzində 5 min kiber xüsusi təyinatlını hazırlamağı planlaşdırır.
O, kiberməkanın təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, dünyada bütün rəqəmsal əməliyyatların 46%-i Hindistanda baş verir.
“Kibercinayətkarlıq sərhəd tanımır və buna görə də, bütün maraqlı tərəflərin bu təhlükə ilə mübarizə aparmaq üçün bir araya gəlməsi vacibdir”, - nazir vurğulayıb.