“Hər il qəzalı məktəblərin sayı azalır. Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib:
“Bununla belə, yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik.
İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.