“Tesla” elektrik avtomobilləri üçün naqilsiz enerji yükləmə qurğuları üzərində işləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Patent və Ticarət Nişanları İdarəsi tərəfindən 6 sentyabr 2024-cü ildə dərc edilib.
Məlumata görə, sistem divara quraşdırılmış blokdan və yerə quraşdırılmış yükləmə panelindən ibarət olacaq. Belə ki, elektromobilin sahibi avtomobili ilə öz qarajına daxil olduqda artıq enerji yükləmə avtomatik olaraq başlayacaq.
“Tesla”nın bu yeniliyini ilk dəfə “Robotaxi”nin premyerasında nümayiş etdirəcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl də “Tesla” induktiv yükləmə sistemi üzərində işlədiyini təsdiq edib. Yeni texnologiya üçün investisiya 76 milyon dollar təşkil edib. Bu cür yüklənmə sistemi naqillərin manipulyasiyasını, başqa sözlə, insanın müdaxiləsini tələb etmir.
Əgər təqdimat yenidən təxirə salınmasa, yeni texnologiya oktyabrın 10-na planlaşdırılan “Robotaxi” premyerasında baş tutacaq. Növbəti naqilsiz yükləmə sistemi “Cybertruck”da tətbiq ediləcək. Belə ki, daxili sənədlər elektrikli yük maşınının əvvəlcədən induktiv qəbuledicilərlə təchiz edildiyini göstərir.
Əgər sınaqlar uğurlu olsa, “Tesla” yeni texnologiyanı tətbiq edən ilk elektrikli avtomobil istehsalçısı olacaq.
Qeyd edək ki, 2023-cü ilin yayında “Tesla” naqilsiz enerji yükləmə qurğuları üzrə ixtisaslaşmış Almaniyanın “Wiferion” şirkətini alıb. Artıq keçən ilin oktyabr ayında Amerika istehsalçısı şirkətin tamhüquqli sahibinə çevrilib.