
“Telegram”ın yaradıcısı Pavel Durov messencerin Fransanı tərk etməyə hazır olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, müvafiq yazısını ingilisdilli “Telegram” kanalında dərc edib.
“Bəzən biz məxfilik və təhlükəsizlik arasında balans məsələsində ölkənin tənzimləyicisi ilə razılaşa bilmirik.
Belə hallarda biz bu ölkəni tərk etməyə hazırıq. Biz bunu dəfələrlə etmişik. Rusiya bizdən nəzarəti təmin etmək üçün şifrələmə açarlarını təhvil verməmizi tələb etdikdə biz bundan imtina etdik və “Telegram” Rusiyada qadağan edildi. İran bizdən dinc etirazçıların kanallarını blok etməyi tələb etdikdə, biz bundan imtina etdik və “Telegram” İranda qadağan edildi. Prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq. Çünki biz bunu pul xatirinə etmirik”, - Durov yazıb.
Durov Fransada saxlanmasını da gözlənilməz adlandırıb.
Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın “Le Burje” hava limanında şəxsi təyyarəsindən düşərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O, qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur.
“Telegram”ın təsisçisi 5 milyon avro girov müqabilində zaminə buraxılıb və onun Fransadan çıxışna qadağa qoyulub.