
Romada şiddətli tufan zamanı ildırımlardan biri Konstantinin Zəfər Tağını vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Il Fatto Quotidiano” qəzeti məlumat yayıb.
Məlumata görə, ildırım abidədən bir neçə parça qoparıb.
Belə ki, sentyabrın 3-də günortadan sonra Romanın mərkəzində tufan qopub. Qəzet qeyd edir ki, gün ərzində İtaliya paytaxtının müxtəlif ərazilərində ildırım çaxması və 90 km/saata çatan küləyin əsməsi ilə müşayiət olunan güclü leysan yağıb. Bəzi ərazilərdə 60 mm-ə qədər yağan yağış su basmasına səbəb olub.
Abidənin aid olduğu Kolizey Arxeoloji Parkı bildirib ki, onların mütəxəssisləri dərhal hadisə yerinə gediblər və Zəfər Tağının qopan hissələrini toplayıblar.
Əlverişsiz hava şəraiti nəticəsində “Circus Maximus”un tribunaları da qismən zədələnib.
Qəzetin yazdığına görə, hazırda Kolizey Arxeoloji Parkının mütəxəssisləri dəymiş ziyanın həcmini qiymətləndirirlər.
Qeyd edək ki, Zəfər Tağı 315-ci ildə Milvian körpüsü döyüşündə Konstantinin Maksensi üzərində qələbəsi şərəfinə ucaldılmış üç sağ qalmış və ən sonuncu zəfər tağlarından biridir.
Tətbiqimizi yükləyə bilərsiniz