ABŞ-də vitse-prezidentliyə namizədin korteji qəzaya düşdü


ABŞ vitse-prezidentliyinə namizəd Tim Uoltsun korteji seçki kampaniyasına gedərkən qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzeti məlumat yayıb.
Məlumata görə, kortejdəki avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Nəşrin məlumatına görə, Uolts Minnesotadakı bir kampaniya tədbirindən sonra Miluokidə Əmək Bayramında nitq söyləmək üçün Viskonsinə gedib. Kortej hərəkətdə olarkən avtomobillər toqquşub.
Qəzaya uğrayan mikroavtobusda jurnalistlər və vitse-prezidentliyə namizədin seçki qərargahının əməkdaşları olub. Jurnalistlər yüngül xəsarətlər alıb. Onlardan birində beyin silkələnməsi qeydə alınıb. Seçki qərargahının əməkdaşı qolunu sındırıb.
Nəşrin məlumatına görə, toqquşan avtomobillərdə Uoltsun özü olmayıb və kortej hərəkətə davam edib.
Hadisədən xəbər tutan ABŞ Prezidenti Co Bayden birbaşa təyyarəsindən Uoltsa zəng edib. Eyni şəkildə hazırkı vitse-prezident Kamala Harris də onunla telefon əlaqəsi saxlayıb.
Qeyd edək ki, avqustun sonunda Minnesota qubernatoru Tim Uolts 2024-cü ildə keçiriləcək seçkilərdə Demokratlar Partiyasından ABŞ-nin vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürməyə razı olduğunu rəsmən elan edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top