Potensial anlayışı


“İnsan bu dünayada nə üçün yaşayır və nəyə nail olmaq istəyir?”
Bu sual insanın maddi dünyasından çox mənəvi dünyası ilə bağlıdır, həm də bu sualın bir yox, bir neçə cavabı var. İnsan bu suala necə cavab verirsə versin, bütün hallarda verdiyi cavab onun nail olmaq istədiyi məqsədləri ifadə edir.
İnsan öz məqsədinə iki cür nail olur. Birinci halda insan sistemin və ya yaşadığı sosial-mədəni mühitin imkanlarından istifadə edir. İkinci halda bununla kifayətlənməyərək öz bilik və bacarığına müraciət edir, həmçinin, mövcud imkanlarını artıraraq öz məqsədinə nail olmağa çalışır.
Son illər aparılan tədqiqatlar insanın kifayət qədər açılmamış, o cümlədən, potensial imkanlarına müsbət və ya mənfi təsir göstərən xüsusiyyətlərə malik olduğunu göstərir. İnsanın bunu dərk etməsi onun nə dərəcədə öyrənməsindən və inkişaf etməsindən asılıdır. Bu gün qərbdə və şərqdə yüzlərlə tədqiqat mərkəzi potensial anlayışı, onun meyarları, həmçinin potensialın inkişaf etdirilməsi yolları ilə bağlı tədqiqatlar aparır.
Potensial anlayışı, insanın real qabiliyyət və imkanlarını, eyni zamanda onun öz məqsədinə nail olmaq üçün bu qabiliyyət və imkanlardan necə istifadə etməsini xarakterizə edir. Məhsuldarlıq anlayışı isə insanın öz potensialından istifadə edərək istehsal etdiyi məhsulun miqdarını ifadə edir.
Müqayisə aparaq. Məlumdur ki, avtomobillərdə hər bir mühərrikin öz at gücü (a.g.) var. Mühərrikin bu at gücündən maksimum istifadə etmək avtomobilin potensialından maksimum istifadə etmək deməkdir. Həmçinin, mühərrikinin gücü 170 a.g. olan bir avtomobili saatda 30 km sürətlə sürmək onun potensialından minimum istifadə etmək deməkdir. İnsanın malik olduğu potensial güc isə qeyri-məhdud olduğu üçün onu mütəmadi olaraq təkmilləşdirmək və inkişaf etdirmək mümkündür. Bu baxımdan insan həmişə öyrənməyə və özünü inkişaf etdirməyə çalışmalıdır. Ən azı ona görə ki, Allahın ona verdiyi nemətlərdən maksimum istifadə edərək həm özünə, həm də bəşəriyyətə faydalı ola bilsin. Bu mənada, “Beşikdən məzara qədər elm öyrənin” hədisi çox böyük əhəmiyyət kəsb edir.
Quranın bütün bəşəriyyətə model kimi təqdim etdiyi insan prototipi əsasən mütəmadi olaraq öz üzərində işləyən, gördüyü işləri yüksək səviyyədə görməyi prinsipə çevirən və həyatı elm dünyasına səyahət kimi dərk edən bir insandır. Hər hansı bir şəxsin potensial imkanlarını öyrənmək üçün o şəxsin işlərini hansı sürət və ya hansı kefiyyətlə gördüyünü öyrənmək kifayətdir.
İnsanın potensial imkanları və bu imkanların artırılması ilə bağlı tədqiqatlar aparan alimlər burada ən mühüm amilin fərdin “Nə olmaq istəyirəm? Həyatdan və gördüyüm işlərdən nə gözləyirəm?” sualına verdiyi cavab olduğunu bildirirlər. Çünki bu sualın cavabından asılı olaraq fərdin potensialı barədə fikir irəli sürmək olar. Lakin aparılan bütün tədqiqatlar göstərir ki, insanlar həmişə bu suala aydın, dəqiq cavab verməkdə çətinlik çəkirlər. İnsanlar əsasən bu suallara yuvarlaq, qeyri-müəyyən ifadələrlə cavab verməyi üstün tuturlar. Bu cavabları təhlil etdikdə onların olduqca mütəhərrik mənalar ifadə etdiyini görmək olar. Bu sualları təfərrüatlı bir şəkildə yenidən versək, yenə də nəticə dəyişməz. Çünki insanlar istədikləri mövqeyə çatmaq və ya o mövqeyə çatdıqdan sonra hansı potensialla işləmək barədə kifayət qədər düşünmürlər.
Bu gün dünyada hamının həmfikir olduğu məsələlərdən biri də budur ki, cəmiyyəti kənardan müdaxilə etməklə və ya sistem dəyişiklikləri ilə düzəltmək mümkün deyil. Bir sözlə, hər şey cəmiyyəti təşkil edən fərdlərdən başlamalıdır. Buna görə də, bəşəriyyət artıq fərdin keyfiyyət baxımından inkişafına daha çox əhəmiyyət verir.
Fərdin inkişafı insanın xarici dünyası ilə yanaşı daxili dünyasının inkişafından da asılıdır. Bu baxımdan, qədəm qoyduğumuz bu yeni əsrdə subyektiv elmlər (psixologiya, sosiologiya və s.) daha böyük əhəmiyyət kəsb edir.
İnsanın daxili dünyasını inkişaf etdirməsi nə üçün əhəmiyyətlidir? Bu suala qısa olaraq belə cavab vermək olar: Çünki insanın daxili dünyası hər şeyin mərkəzidir.
Fərdi həyatda, həmçinin ailə və ya iş həyatında problemlərin olması labüddür. Bu problemlərin müəyyən faizi texniki imkanlarla bağlı olduğu halda, müəyyən faizi də insanın öz daxili dünyası və qabiliyyətləri ilə bağlıdır. Dərindən diqqət yetirdikdə bu problemlərin hamısının insanla bağlı olduğunu görürük. İnsanın özü və ya ətrafı ilə münasibətləri pozulduqda problemlərin meydana gəlməsi üçün münbit şərait yaranır. İnsanlar arasında ünsiyyət pozulduqda isə etimadsızlıq başlayır. İş yerindəki stress ailədə gərginliyə səbəb olur. Məsuliyyətsiz, həqiqətlə heç bir bağlılığı olmayan, mütəhərrik davranışlar insanlar arasında adi hala çevrilir. Fərddə müşahidə edilən bu problemlər tədricən sistemdə də öz əksini tapır və bütün məqsədlər, dəyərlər, strategiyalar aşınmağa başlayır.
İnsanın ruhu və cismi arasında əlaqə pozulduqda o, hiss dünyasına qarşı etinasız olmağa başlayır. Enerjini və stresi idarə etmək qabiliyyəti zəifləyir. Streslə bağlı xəstəliklər baş qaldırır. Diqqətini toplaya bilmir. Mütəmadi olaraq gərginlik və narahatlıq keçirir. Təzyiqlə və ya hər hansı bir maneə ilə qarşılaşdıqda düzgün və qəti qərarlar qəbul etməkdə çətinlik çəkir. Tərəddüddən yaxa qurtara bilmir. Bu baxımdan insanın öz müvazinətini itirdikdə yuxarıdakı problemlərlə qarşılaşması labüd olsa da, özünü müsbət mənada inkişaf etdirə bilər. Məsələn, insan potensial imkanlarından maksimum istifadə edə, həmçinin, enerjini və stresi idarə etmək qabiliyyətini artıra bilər və yaxud da onun üçün ən doğru olan şeyi seçə, həyatını buna uyğun qura bilər.
Bəs insan üçün doğru olan şeyi necə bilmək olar? İnsan diqqətini istədiyi istiqamətə yönəldə bilərmi? Öyrənməyi öyrənə bilərmi? İntuisiyasını, kəşf ruhunu özündə aşılaya bilərmi? Hamı tərəfindən qəbul edilən bir lider ola bilərmi? Bütün bu suallara insan üzərində tədqiqat aparan alimlər müsbət cavab verirlər. Özünü müəyyən ölçülərə görə nizamlaya bilən insan istəsə ilk baxışdan çox çətin görünən bu işlərin öhdəsindən gələ bilər.
Hazırda bütün bu suallara müxtəlif tədqiqat mərkəzlərində konkret cavablar axtarılır. Həmçinin bütün dünyada insanların qurduqları sistemləri təhlil etmək üçün kompleks analiz sistemlərindən istifadə edilir. Fərdi həyatında və ya işlədiyi qurumlarda dəyişikliyə nail olmaq istəyən şəxslər hər şeydən əvvəl bu məsələlərin əhəmiyyətinə inanmalıdırlar.
İnsanın potensialı və məhsuldarlığı ilə bağlı tədqiqatların ən maraqlı nəticələrindən biri də budur ki, fərd daxilən bu dəyişikliyi qəbul etməlidir, ən azı onda bu dəyişikliyi qəbul etdiyinə dair inam olmalıdır. Bu olmadığı təqdirdə, yaxud da fərd bu istiqamətdə səy göstərmədiyi təqdirdə yuxarıda saydığımız suallara düzgün cavab tapmaq çətindir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top