
İsveçrə məhkəməsi məşhur “Telegram” messencerinin yaradıcısı Pavel Durovu üç uşaq üzərində valideynlik hüququndan məhrum etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə uşaqların anası İrina Bolqar öz “İnstaqram” səhifəsində yazıb.
Bolqarın sözlərinə görə, Uşaqların və Böyüklərin Müdafiəsi Məhkəməsi Cenevrədə qəyyumluq orqanları tərəfindən aparılan araşdırmaya başlayıb, bundan sonra rusiyalı milyarderin valideynlik hüququndan məhrum edilməsinə qərar verib.
Qəyyumluq orqanları Bolqarın təqdim etdiyi bütün kanallar vasitəsilə Durovla dəfələrlə əlaqə saxlamağa çalışsalar da, o, bütün bu cəhdlərə məhəl qoymayıb.
Bolqar qeyd edib ki, Durovun onun Birləşmiş Ərəb Əmirliklərinə köçməsini tələb edən ultimatumuna görə ona qarşı iddia qaldırıb. Belə ki, iş adamı 2022-ci ilin sonunda onu və uşaqlarını Birləşmiş Ərəb Əmirliklərinə köçməyə məcbur edib.
Bolqarın sözlərinə görə, o, imtina etdikdən sonra Durov onun bütün hesablarına girişini bloklayıb, həmçinin, tibb, təhsil və səyahət xərclərini ödəməyi dayandırıb.
Bolqar qanun çərçivəsində öz hüquqlarını və övladlarının hüquqlarını müdafiə edəcəyini bildirəndə Durov Avropa immiqrasiya sənədlərinin yenilənməsi və yenilərinin verilməsi ilə bağlı müqaviləni imzalamaqdan imtina edib. Bundan sonra o, iş adamını uşaqları üzərində valideynlik hüquqlarından məhrum etmək qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl Bolqarın Durova qarşı İsveçrə məhkəməsində iddia qaldırdığı məlum olub. İddiaya görə, o, 2021-ci ildən 2022-ci ilə qədər kiçik oğluna bir neçə dəfə fiziki təzyiq göstərdiyini bildirib.