
ABŞ Müdafiə Nazirliyi beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin istehsalı, texniki xidməti, modernləşdirilməsi və istifadəsi üçün Amerikanın “Lockheed Martin” şirkəti ilə 5 milyard dollarlıq müqavilələr imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə günü Pentaqonun yaydığı bəyanatda bildirilib.
Belə ki, 3,91 milyard dollar F-35-lərin idarə olunması, sınaqdan keçirilməsi, istehsalı, daşınması, modernləşdirilməsi və texniki xidmətinə ayrılacaq. 1 milyard dollar isə xüsusilə, F-35-lərə xidmət göstərən obyektlərin fəaliyyətinin təmin edilməsi, eləcə də təyyarənin proqram təminatının təkmilləşdirilməsi ilə bağlı olacaq. “Lockheed Martin” həmçinin F-35-lərin istismar potensialını artırmaq üçün təxminən 200 milyon dollar alacaq.
Qeyd edək ki, bundan əvvəl “Lockheed Martin” iyul ayında bu il 110-a qədər təkmilləşdirilmiş F-35 istehsal etməyi planlaşdırdığını bəyan etmişdi. Digər tərəfdən, şirkət iyulun 19-da “Technology Refresh 3” modifikasiyası ilə ilk F-35 təyyarəsini tədarük etməyə başladığını açıqlamışdı.
Xatırladaq ki, bu modifikasiya F-35-lərin proqram təminatının, eləcə də müxtəlif qurğularının yenilənməsini əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz