İsrailin Baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yair Netanyahunun İranın hədəfinə çevrilə biləcəyi ehtimalına görə onun təhlükəsizliyinin artırılmasını istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, Netanyahu bu tələbi iyulun 31-də Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın xaricdə israillilərə sui-qəsd təşkil etməyə cəhd edə biləcəyi ilə bağlı xəbərlər fonunda irəli sürüb. Belə ki, Yair Netanyahu 2023-cü ilin martından Mayamiyə köçüb.
Qəzetin yazdığına görə, bununla bağlı xüsusi xidmət orqanlarına müvafiq sorğu göndərilib.
Eyni zamanda, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri İsrail Televiziyasının 12-ci kanalına verdikləri müsahibədə xaricdə yaşayan israillilər üçün təyin edilən təhlükəsizlik səviyyəsinin təhlükənin dərəcəsindən asılı olaraq müəyyən edildiyini bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, Yair Netanyahunun ciddi təhlükələrlə üzləşdiyinə dair heç bir əlamət yoxdur və buna görə də, İsrail Baş Təhlükəsizlik Xidməti onun təhlükəsizliyini artırmaq niyyətində deyil.
“The Times of Israel” qəzetinin yazdığına görə, İsrail mediasında yayılan xəbərlərdən sonra Netanyahunun ofisi Baş nazirin oğlunun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı hər hansı tələbi rədd edib.
Qəzetin yazdığına görə, Netanyahunun oğlu hazırda Mayamidə iki İsrail kəşfiyyatçısı tərəfindən qorunur. Bundan əlavə, onun şəxsi sürücüsü var. Onun təhlükəsizliyini təmin etmək ayda 55 min dollara başa gəlir.
Qeyd edək ki, ötən həftə İsrailin N12 telekanalı Yair Netanyahunun yaşadığı Mayamidə dəbdəbəli yaşayış kompleksində partlayıcı qurğuya bənzər obyektin tapıldığını bildirib. Telekanalın məlumatına görə, polis onu yoxlayıb və həyəcan siqnalının yalan olduğu ortaya çıxıb. Hadisə zamanı Netanyahunun oğlu binada olmayıb.
Eyni zamanda, çoxlu israillinin yaşadığı kompleksin sakinlərindən biri 33 yaşlı Yair Netanyahunun həmişə nəsə olacağından ehtiyat etdiyini, vaxtının çox hissəsini evdə keçirdiyini və çox az hallarda gəzintiyə çıxdığını bildirib.