
Futbol üzrə Gürcüstan milli komandasının qapıçısı Giorgi Mamardaşvili İngiltərənin “Liverpul” klubu ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, “Valensiya”da çıxış edən idmançı icarə əsasında mövsümün sonuna qədər İspaniya klubunda qalacaq. Mamardaşvili 2025/2026 mövsümündən əvvəl “Liverpul”a keçəcək.
“Transfermarkt” portalının məlumatına görə, “Liverpul” qapıçı üçün 32,5 milyon avro ödəyib.
Qeyd edək ki, Mamardaşvilinin 23 yaşı var. O, 2021-ci ildən “Valensiya”da çıxış edir. Qapıçı əvvəllər “Dinamo”, “Lokomotiv Tbilisi”, eləcə də, “Rustavi”nin futbolçusu olub. O, “Valensiya”nın heyətində 102 oyun keçirib və 31 oyunda qapısını toxunulmaz saxlaya bilib.
Gürcüstan yığmasının tərkibində Mamardaşvili Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında iştirak edib və burada Gürcüstan komandası üç oyunda dörd xal toplayaraq turnirin pley-off mərhələsinə yüksəlib.
Çexiya ilə matçda isə Mamardaşvili son 12 ildə Avropa çempionatında ən çox seyv edib.