
Fransa prokurorluğu “Telegram”ın yaradıcısı Pavel Durovun saxlanılması ilə bağlı rəsmi mətbuat açıqlaması yayıb.
Yeniavaz.com xəbər verir ki, məlumatda Durovun iyulun 8-də Kibercinayətkarlıqla Mübarizə Departamentinin başlatdığı cinayət işi çərçivəsində avqustun 24-də axşam “Le Burje” hava limanında saxlanıldığı deyilir.
Bildirilir ki, şəxsiyyəti məlum olmayan şəxslərə qarşı 12 cinayət faktı üzrə araşdırma aparılır:
- Qeyri-qanuni əməliyyatları təmin etmək üçün onlayn platformanın idarə edilməsində iştirak;
- Səlahiyyətli orqanların sorğusu əsasında məlumat verməkdən imtina;
- Yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinə sahib olmaqda iştirak;
- Mütəşəkkil dəstə tərəfindən yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin yayılmasında iştirak;
- Narkotik vasitələrin paylanmasında iştirak;
- Haker proqramlarının yayılmasında iştirak;
- Mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluqda iştirak;
- Ən azı beş il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayətləri törətmək məqsədi ilə mütəşəkkil dəstənin yaradılması;
- Mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti nəticəsində əldə edilmiş pul vəsaitlərinin yuyulması;
- Məcburi bəyan etmədən məxfiliyin təmin edilməsinə yönəlmiş kriptoqrafik xidmətlərin göstərilməsi;
- Məxfiliyi təmin etmək üçün zəruri olandan artıq kriptoqrafiyanın qeyri-qanuni təmin edilməsi;
- Məxfiliyi təmin etmək üçün zəruri olanlardan kənar kriptoqrafik vasitələrin qeyri-qanuni idxalı.
İndi Durov müstəntiqlər tərəfindən dindirilir. Hakim onun həbs müddətini 96 saata, yəni avqustun 28-dək uzadıb.