
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı danışıb.
Ərdoğan “Bir millət, iki dövlət” devizi ilə hərəkət etdikləri Azərbaycan Prezidenti İlham Əliyevə ürəkdən təşəkkür etdiyini bildirib və sözünə belə davam edib:
“İlham qardaşım nəinki zəng vurdu, hətta “Beriev 200" tipli amfibiya yanğınsöndürmə təyyarəsini ölkəmizə göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verdi. Çətin vaxtlarımızda hər zaman yanımızda olan, çətin vaxtlarında hər vaxt yanlarında olduğumuz azərbaycanlı qardaşlarımızla hər sahədə əməkdaşlığımızı davam etdirəcəyik. Rusiya Federasiyasının prezidenti cənab Putin də amfibiya təyyarəsi göndərdi və şükürlər olsun ki, biz bu iki təyyarə ilə yanğınsöndürmə prosesini çox daha asan başa çatdırdıq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi avqustun 18-də Türkiyəyə yola salınıb.
Tətbiqimizi yükləyə bilərsiniz