
Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqində birgə patrul xidməti həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, patrul əməliyyatları Rusiya-Türkiyə anlaşma memorandumunun müddəaları çərçivəsində həyata keçirilib.
“Növbəti birgə Rusiya-Türkiyə patrulu Suriyanın şimal-şərqindəki Əl-Qamışlı şəhəri yaxınlığındakı Həsəkə əyalətində həyata keçirilib, konvoy bir saat ərzində 30 kilometrdən çox marşrutu keçib və vəziyyəti izləyib”, - Suriyadakı rus qoşun qrupunun hərbçisi Georgi nazirliyin təqdim etdiyi videoda deyib.
Qeyd edilir ki, patrulların əsas məqsədləri silahlı münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün vəziyyətə nəzarət etmək olub. Bunun üçün Rusiya və Türkiyə hərbçiləri sərhəddən 10 km aralıda əraziyə vizual baxış keçirib.