
ABŞ Çinlə potensial silahlı münaqişə ehtimalına qarşı Sakit Okeanda hərbi bazalar və aerodromlar şəbəkəsi yerləşdirmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə həftəlik “Defence News” jurnalı ölkənin Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid Olvinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Sakit okean regionunda bazaların yerləşdirilməsi konsepsiyası “Agile Combat Employment” (ACE) adlanır. Baş Qərargah rəisi hesab edir ki, Vaşinqton öz forpostlarının hazırlanmasında irəliləyiş əldə edir, lakin bazaları mümkün hücumlardan qorumaq üçün daha çox səy göstərməlidir.
“Daha güclü və aktiv baza müdafiəmiz olsaydı, özümüzü daha inamlı hiss edərdik”, - o, bildirib.
Nəşrin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi ÇXR ilə silahlı münaqişə baş verəcəyi təqdirdə Pekinin ABŞ-nin Yaponiya və Quamda yerləşən regiondakı iri hərbi bazalarına kütləvi raket hücumları edə biləcəyindən ehtiyat edir.
“Defense News” hesab edir ki, bu cür hücumlar Amerika qüvvələrinə ciddi ziyan vura bilər və hətta onların Sakit okeanda fəaliyyət qabiliyyətindən məhrum edə bilər.
Həftəlik nəşrin yazdığına görə, regionda yeni Amerika bazaları yerli mülki hava limanlarında və ya çöl şəraitində yerləşdirilə bilər. Onlar təyyarələrə yanacaq doldurmaq və onların təhlükəsizliyini təmin etmək daxil olmaqla, çoxsaylı tapşırıqları yerinə yetirmək üçün təlim keçmiş hərbi personaldan ibarət kiçik qruplar tərəfindən idarə olunacaq.
Eyni zamanda, Olvin qeyd edib ki, bazaların regionda yerləşdirilməsi onlara potensial raket hücumunun qarşısını almağa kömək etsə də, belə bir tədbir təhlükəni tam aradan qaldıra bilməyəcək.
Bunun fonunda Hərbi Hava Qüvvələri ABŞ ordusunun digər bölmələri ilə birlikdə ÇXR ilə mümkün toqquşmaya hazırlaşmaq üçün başqa üsullar hazırlayır.