
Hindistanın Baş naziri Narendra Modi Ukraynaya gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, Modinin Kiyevə səfərinin təfərrüatları gizli saxlanılır. Səfərin bir neçə saat davam edəcəyi gözlənilir.
Hindistan Xarici İşlər Nazirliyi daha əvvəl bildirib ki, Modi Ukraynada Prezident Volodimir Zelenski ilə görüşəcək. Onlar ikitərəfli əlaqələrin bir sıra aspektlərini, o cümlədən siyasi, ticari, iqtisadi, investisiya, təhsil, mədəniyyət, eləcə də, humanitar mübadilə və humanitar yardım məsələlərini müzakirə etməyi planlaşdırırlar. Onlar Ukraynadakı münaqişə mövzusuna da toxunacaqlar.
Qeyd edək ki, Modinin Polşadan qatarla gəldiyi məlum olub. Hindistanın Baş naziri avqustun 22-də Varşavada Polşa Prezidenti Andjey Duda və Baş nazir Donald Tusk ilə görüşüb. Tərəflər gələcək illər üçün əməkdaşlıq planı hazırlayıb və qarşılıqlı fəaliyyət səviyyəsini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəliblər.
Xatırladaq ki, Varşavada keçirdiyi mətbuat konfransında Modi bildirib ki, Hindistan sülh və sabitliyin tezliklə bərpası üçün dost ölkələrlə istənilən əməkdaşlığa hazırdır. Onun fikrincə, bütün münaqişələr dialoq və diplomatiya yolu ilə həll edilməlidir.