
Avqustun 21-də Rusiyada bir çox saytların və messencerlərin fəaliyyətində genişmiqyaslı problem yarandı.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrin Rusiya seqmentində istifadəçilər məlumat yayıb.
Bildirilir ki, 14:00-dan etibarən (Bakı vaxtı ilə 15:00 – red.) “Telegram” və “WhatsApp” messencerləri, “Skype” telefoniya tətbiqi, “Wikipedia” internet ensiklopediyası, “Steam” video oyun paylama xidməti, “Discord” messenceri, “Vkontakte” sosial şəbəkəsi, “Twitch” yayım xidməti, “AppStore” proqram mağazasınin fəaliyyətində problem yaranıb.
“Rostelecom” da daxil olmaqla, mobil operatorların və provayderlərin işində də problemlər barədə məlumatlar var.
“Downdetector” və “Downradar” saytlarında problemlər barədə məlumat verilib. “Roskomnadzor”un nasazlıqlara nəzarət edən bölmələrindən birinin saytında da çoxsaylı xidmətlərin fəaliyyətindəki uğursuzluqlar barədə məlumat verilir.
Rusiyanın İnternet Mühafizəsi Cəmiyyətinin direktoru Mixail Klimarev Rusiya hakimiyyətinin ölkədə “WhatsApp” və “Telegram”ı bloklamağa başlamasını düşünür.
“Roskomnadzor” genişmiqyaslı uğursuzluğun DDoS hücumu ilə bağlı olduğunu bildirib:
“Avqustun 21-də saat 14:00-dan etibarən İctimai Rabitə Şəbəkəsinin Monitorinqi və Nəzarəti Mərkəzi Rusiyada bir sıra xidmətlərin fəaliyyətində nasazlıq qeydə alıb. Uğursuzluq Rusiya telekommunikasiya operatorlarına DDOS hücumu ilə bağlıdır. Moskva vaxtı ilə saat 15:00-a olan məlumata görə, hücum dəf edilib, xidmətlər adi rejimdə işləyir”.
Qeyd edək ki, Rusiyada 2024-cü ilin iyul-avqust aylarında “YouTube” videohostinq xidmətinin fəaliyyətində fasilələr yaranıb. Yerli KİV-də mənbələr bildirir ki, bu, hakimiyyətin xidməti ləngitmək qərarı ilə bağlıdır.
Tətbiqimizi yükləyə bilərsiniz