
Rusiya Baş Prokurorluğu Hollivud aktyoru Corc Kluni fondunun Rusiyadakı fəaliyyətini arzuolunmaz hesab edib.
Yenavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə prokurorluqdan məlumat verilib.
“ABŞ-nin “Clooney Foundation for Justice” (“Kluni Ədalət Fondu”) qeyri-hökumət təşkilatının (QHT) fəaliyyəti ölkəmizdə arzuolunmaz kimi tanınır. QHT Nyu Yorkda özünü beynəlxalq hüquq sahəsində vəkil hesab edən aktyor Corc Kluni və həyat yoldaşı tərəfindən təsis edilib”, - Baş Prokurorluqdan bildirilib.
Prokurorluq bəyan edib ki, fond “Hollivud” miqyasında Rusiyanı gözdən salmağa yönəlmiş işlər görür.
“Ölkəni tərk etmiş yalançı vətənpərvərləri, qadağan olunmuş ekstremist birliklərin və terror təşkilatlarının üzvlərini fəal şəkildə dəstəkləyir, humanitar ideyaların arxasında gizlənən “ədalət uğrunda döyüşçülər” “Medison Avenyu”dan Rusiyanın ali rəhbərliyini cinayət məsuliyyətinə cəlb etmək təşəbbüslərini irəli sürür, xarici agentlər və QHT-lər haqqında Rusiya qanunvericiliyinin mənfi psevdoekspert qiymətləndirmələrini açıq şəkildə tirajlayır”, - Rusiya Baş Prokurorluğu bildirib.