Ürəyin bir dəqiqə ərzindəki döyüntülərinin sayı ümumilikdə ürəyin sürətini müəyyən edir. Normal ritmlə müqayisədə hər hansı bir sürətlənmə və ya yavaşlanma olduqda, bu, insanda müəyyən xəstəliklərin meydana gəlməsinə səbəb olur. Digər tərəfdən, ürəyin sürəti insanın yaşından asılı olaraq da dəyişir. Bu sürət, bir qayda olaraq, 0-1 yaşlar arasında dəqiqədə 120-140, 1-3 yaşlar arasında dəqiqədə 90-120, 3-7 yaşlar arasında dəqiqədə 90-100, 7-20 yaşlar arasında dəqiqədə 80-90, 20 yaşından sonra isə dəqiqədə 60-100 arasında olur.
Taxikardiya dediyimiz xəstəlik isə əsasən, ürək döyüntülərinin sayının dəqiqədə 100-dən yuxarı qalxması ilə müşahidə olunur. Bunun əksi olan hallara isə (yəni, ürək döyüntülərinin sayının dəqiqədə 60-dan aşağı düşməsinə) bradikardiya deyilir. Taxikardiya (yeri gəlmişkən, “taxi” yunan dilində “sürətli”, “kardiya” isə “ürək” deməkdir) aritmiyanın bir tipi sayılsa da, ürək xəstəliyi kimi yox, ürək xəstəliyinin bir əlaməti kimi qəbul edilir. Ancaq taxikardiyanı həmişə ürək xəstəliyinin bir əlaməti kimi qəbul etməmək də olar. Çünki idmanla məşğul olmaq, qorxmaq, həyəcanlanmaq, çay və ya qəhvə içmək, həzmi çətin olan şeylər yemək, zəhərlənmək və s. də taxikardiyaya səbəb ola bilər. Ancaq bu cür taxikardiyalar daimi xarakter daşımır və səbəb aradan qalxan kimi taxikardiya da aradan qalxır. Digər tərəfdən, bəzi ürək və ya böyrək xəstəlikləri də taxikardiyaya səbəb olur (əlbəttə ki, bu siyahıya qızdırma və ya zəhərlənmə ilə bağlı xəstəlikləri də daxil etmək olar).
Ümumiyyətlə isə, taxikardiyalar qulaqcıq və mədəcik taxikardiyaları olmaqla iki yerə ayrılır. Ancaq taxikardiya ilə qarışdırılan hallar da az deyil. Məsələn, tibb dilində “palpitasiya”, xalq dilində isə “ürək çırpınması” adlandırılan belə halların taxikardiya ilə bəzi fərqləri var. Belə ki, taxikardiyası olanlar tez-tez ürək çırpınmasından şikayət edirlər, ancaq taxikardiya ilə çırpınma həmişə eyni şey deyil. Başqa sözlə, taxikardiyası olanlarda həmişə ürək çırpınması olmaya da bilər. Çünki ürək çırpınması, sadəcə olaraq, ürək döyüntülərinin insan tərəfindən hiss edilməsidir.
Bir sözlə, ürəyin sürətlə döyünməsi taxikardiya, bunun insan tərəfindən hiss edilməsi isə ürək çırpınmasıdır. Ümumyyətlə, gün ərzində orqanizmimizin müxtəlif ehtiyacları ortaya çıxır və orqanizmimiz bu ehtiyaclara uyğunlaşmaq üçün çox ciddi cəhd göstərir. Taxikardiya isə çox vaxt orqanizmimizin bu ehtiyaclara uyğunlaşmaq cəhdlərindən biri kimi ortaya çıxır. Məsələn, gündəlik həyatda idmanla məşğul olduqda da belə bir vəziyyət meydana çıxır. Ancaq təkcə idmanla məşğul olduqda yox, qorxduqda, həyəcanlandıqda, hətta sevindikdə də ürəyin sürəti artır. Üstəlik, belə hallar orqanizmdən asılı olaraq dəyişir. Məsələn, fiziki işlə məşğul olan bir insanla idmanla məşğul olan bir insanın ürək döyüntülərindəki artım eyni deyil. Belə ki, onlar hər ikisi eyni güc sərf etsələr belə, bir idmançının ürəyinin sürəti, o birinin ürəyinin sürətindən az, həm də çox az olur. Bundan başqa, ürəklə bağlı olmayan taxikardiyalar mövcud olduğu kimi, ürəklə bağlı olan taxikardiyalar da mövcuddur.
Bu baxımdan, taxikardiyada sürət artımının səbəbinin nədən irəli gəldiyini bilmək çox vacibdir. Bunun üçün isə ilk şərt şübhəsiz ki, mütəxəssisə müraciət etməkdir.
Murad Məmmədov