Nazarbayevin qardaşı oğlu Qazaxıstan büdcəsinə daha 104 milyon dollar qaytaracaq


Qazaxıstanın hüquq-mühafizə orqanları respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıuluya qarşı iş üzrə 50 milyard təngədən (104 milyon dollardan) çox olan aktivlərin ölkəyə qaytarılması üzərində işləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun Əmlakın Bərpası Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hazırda 18 milyard təngə (37 milyon dollardan çox) dəyərində aktivlər artıq geri qaytarılıb. Bunlara Almatıda iki biznes mərkəzi, kommersiya daşınmaz əmlakı və Astanada elit ev daxildir. Axtarışlar zamanı Satıbaldıuludan götürülən 95 min dollar da xüsusi dövlət fonduna köçürülüb. Bundan əlavə, zərgərlik məmulatları, brend saatlar, eksklüziv zinət əşyaları və kolleksiya sikkələri də dövlətə qaytarılıb.
Satıbaldıulu və onun yaxın adamlarına məxsus ümumi dəyəri 33 milyard təngə (68 milyon dollardan çox) olan xarici əmlakın transferi son mərhələdədir. Bunlara Dubayda iki villa, Fransız Rivierasında dörd dəbdəbəli mənzil, Moskvanın prestijli yaşayış komplekslərində 15 mülk, iki lüks villa və Türkiyədə bir mənzil daxildir.
Qeyd edək ki, 2024-cü ilin aprelində Qazaxıstan Ali Məhkəməsinin mətbuat xidməti Satıbaldıulunun cinayət yolu ilə əldə edilmiş pulların yuyulması ilə bağlı cinayət işi üzrə məhkəmədə özünü təqsirli hesab etdiyini bildirib. Həmçinin, qeyri-qanuni yolla əldə edilmiş əmlakın qaytarılması şəklində prosessual müqavilə bağlanıb.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Qazaxıstan məhkəməsi mənimsəmə ittihamı ilə Satıbaldıulunu 6 il müddətinə azadlıqdan məhrum edib. Son illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində və “Nur Otan” partiyasında (indiki “Əmanət” partiyası) vəzifələrdə çalışıb.
Digər tərəfdən, 2022-ci ildən Satıbaldıulu ilə bağlı cinayət işlərində ölkə büdcəsinə 1,6 milyard dollar vəsait qaytarılıb. Bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top