Fumio Kişida istefa verəcək


Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) sədrliyinə seçkilər keçirildikdən sonra hökumət başçısı postunu tərk edəcəyini təsdiqləyib.
Yeniavaz.com
“Kyodo” agentliyinə istinadla xəbər verir ki, o, qərarını iqamətgahında keçirdiyi təcili mətbuat konfransında açıqlayıb.
Baş nazirin açıqlamasına görə, o, sentyabrda keçiriləcək ölkənin hakim Liberal Demokrat Partiyasının (LDP) sədrliyinə seçkilərdə namizəd kimi iştirak etməyəcək. Hakim partiyanın sədri faktiki olaraq baş nazir olduğu üçün LDP rəhbəri seçildikdən sonra o, hökumət başçısı postunu tərk edəcək.
Kişidanın bu qərara gəlməsinə səbəb LDP-yə siyasi ianələrin toplanması zamanı maliyyə hesabatı qaydalarının pozulması və bu qalmaqal fonunda hökumətin reytinqinin rekord həddə düşməsi olub.
Agentliyin məlumatına görə, o, həmkarlarına bu qalmaqala görə məsuliyyəti öz üzərinə götürmək istədiyini, çünki bunu kiminsə etməli olduğunu deyib.
Kişida öz administrasiyasının nailiyyətləri arasında əmək haqqının artırılmasını, investisiyaların stimullaşdırılmasını, həmçinin, artan bölünən beynəlxalq ictimaiyyət kontekstində Yaponiyanın dünya səhnəsində aparıcı rolunun artmasını qeyd edib.
Qeyd edək ki, siyasi ianələrin bir hissəsinin hakim partiyanın yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi ilə bağlı qalmaqal 2023-cü ildə baş verib.
Xatırladaq ki, LDP sədri postuna mümkün namizədlər arasında əhali arasında çox populyar olan keçmiş müdafiə naziri Şiqeru İşiba, LDP-nin baş katibi Toşimitsu Moteqi, rəqəmsallaşma naziri Taro Kono, xarici işlər naziri Yoko Kamikava və keçmiş ətraf mühitin mühafizəsi naziri Şinjiro Koizumi var. Çoxsaylı rəy sorğularına görə İşiba, Koizumi və Kono favoritlər hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top