Ermənistan rüsumsuz mal gətirmə limitini 1 000 avrodan 475 avroya saldı


Ermənistan hökuməti quru sərhədindən və poçt vasitəsilə idxal olunan malların rüsumsuz maksimum həcmini azaldıb. 
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib.
Bildirilir ki, əvvəllər dəyəri 500 avroya və ümumi çəkisi isə 25 kiloqrama qədər olan məhsulların rüsumsuz idxalı mümkün idi. Bundan sonra bu məbləğ 200 avroya, çəki isə 10 kiloqrama endirilib.
Poçt bağlamaları (onlayn sifarişlər) üçün isə hədd 200 min dram (indiki məzənnə ilə 475 avro) və 31 kiloqrama endirilib. Əvvəllər bu məbləğ 1000 avro olub. 
Qərarla bağlı hökumətin izahında qeyd olunub ki, səbəb sərhədin Gürcüstan tərəfindəki rüsumsuz mağazalardan alınan məhsulların ölkəyə gətirilməsidir. Məlumatda bildirilir ki, 2024-cü ilin birinci yarısında heç bir rüsum ödənilmədən Gürcüstandan Ermənistana 16 min litrdən çox spirtli içki idxal edilib. Bildirilib ki, 2022-ci ilin iyul ayından 2024-cü ilin may ayına qədər eyni ailənin üç üzvü Ermənistana ümumilikdə 1,8 tona yaxın müxtəlif mallar gətirib. Ermənistan hökumətinin açıqlamasında göstərilir ki, bu qərarın qəbul olunmasının məqsədi ticarəti dayandırmaq deyil, vergidən yayınmanın qarşısını almaqdır. 
Həmçinin bildirilir ki, qərar hava yolu ilə gələn sərnişinlərə şamil edilmir. Burada rüsumsuz idxal həddi 10 min avro və 50 kq olaraq qalır.
Müqayisə üçün bildirək ki, Azərbaycanda rüsumsuz mal gətirmə ilə bağlı limitə sonuncu dəfə 2020-ci ildə dəyişiklik edilib. Bu dəyişiklikdən əvvəl fiziki şəxslər ayda bir dəfə 1 500 dollar dəyərində məhsulu rüsumsuz gətirə bilirdilər. Dəyişiklikdən sonra bu məbləğ 800 dollar olub. 
Poçt bağlamaları (onlayn sifarişlər) üçün isə əvvəllər limit 1 000 dollar olduğu halda, hazırda 300 dollar təşkil edir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top